“ASALA ANLAMALIDIR Kİ, ONUN LİDERİ BİZİM İBAD HÜSEYNOV TƏRƏFİNDƏN MƏHV EDİLİB”

Sahib Şirinov: “Ən böyük arzumuz odur ki, Qarabağ döyüşləri bizim iştirakımızla baş versin”
Qarabağ savaşında “Müəllim” ləqəbi ilə tanınan xüsusi təyinatlı döyüşçü erməni terrorçularının cavabını verdi

Həmsöhbətimiz, keçmiş döyüşçü Sahib Şirinov 1967-ci ildə Ağdaş rayonunda anadan olub. 1991-ci ildə Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Ancaq ixtisası üzrə rayonda cəmi bir neçə ay işlədikdən sonra könüllü şəkildə Qarabağa yollanıb, döyüşlərinə qatılıb və 1993-cü ilin sonlarında cəbhədən geri dönüb. S.Şirinovun komandiri olmuş polkovnik Məhəmməd Qədirovdan eşitdim ki, cəbhədaşları hörmət əlaməti olaraq ona “Müəllim” deyə xitab edirmişlər.

S.Şirinov özü isə söhbət zamanı dedi ki, 1992-ci ilin fevralında Xocavənd rayonunun Muğanlı kəndinə gedib və qəhrəman döyüşçümüz İbad Hüseynovun xidmət etdiyi dəstəyə yazılıb. Xatırladaq ki, 12 iyun 1993-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində qəhrəman kəşfiyyatçı İbad Hüseynov beynəlxalq erməni terrorçusu, səhra komandiri Monte (Avo) Melkonyanı məhv edib. 1993-cü ilin iyununda İbad Hüseynovun kəşfiyyatçı dəstəsi çoxsaylı kəşfiyyat əməliyyatlarından birində Montenin izinə düşməyə nail olub və Muğanlı kəndində onu məhv edib. S.Şirinov özü də həmin əməliyyatda iştirakçı olub. Bu barədə daha ətraflı müsahibədə danışdı. Qeyd edək ki, Sahib bəy “Azərbaycan Bayrağı” Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovdan bəhs edən “Xüsusi təyinatlı” kitabını yazıb. Söhbət zamanı Ramil Səfərovun azadlığa çıxmasından sonra erməni terror təşkilatı ASALA-nın Azərbaycana ünvanlı hədələrinə kəşfiyyatçının münasibətini də öyrəndik. Öncə İbad Hüseynovun kəşfiyyat dəstəsinə yazılmasından danışdı:

– Eşitmişdim ki, belə bir dəstə var. Odur ki, mən də həmin dəstəyə qoşulmağa qərar verdim. Mənim İbad Hüseynovla döyüş yoldaşı olmağım o gündən başladı. İbad məndən yaşca kiçik idi, ancaq onun igidliyi haqqında eşitmişdim. Özümü çox xoşbəxt sayırdım ki, məni xüsusi təyinatlı dəstəyə qəbul etdilər. Bu, mənim üçün çox böyük şərəf idi. Həmin vaxt bu dəstənin komandiri İbad Hüseynovun böyük qardaşı Əbülfət Hüseynov idi. Əslində orada qardaş söhbəti yox idi, hər bir yaxşı döyüşçü komandir ola bilərdi. Özü də bu qardaşlar üçün qohum-qardaş fərqi yox idi, hamını özlərinə qardaş sayırdılar və əsl döyüşçüyə qiymət verirdilər.

– İlk əməliyyatda iştirakınız necə olub?

– Mənim iştirak etdiyim ilk əməliyyat 1992-ci il martın 30-31-də Qarakənd ferması deyilən ərazidə olub. Orada mina basdırıb ermənilərin 1 BRDM-ni partlatdıq. May-iyun aylarında keçirdiyimiz əməliyyatlarda da xeyli ermənini məhv etdik. Amma saysız-hesabsız döyüşlərdə olmuşuq. İbad Hüseynov mənim gözümün qabağında qumbaraatandan açdığı bir atəşlə 6 ermənini eyni anda məhv edib. O zaman düşmənin bütün silahlarını ələ keçirtdik. Onu deyim ki, ermənilərin guya yaxşı döyüşdüyü barədə deyilənlər şişirdilmiş məsələlərdir. Əslində ermənilər hədsiz dərəcədə zəif idilər. Gecə döyüşlərini isə onlar ümumiyyətlə, bacarmırdılar. Biz açıq döyüşlərdə az iştirak etmişik. Ancaq gecə həmlələrində iştirak etmişik. Bizim bütün əməliyyatlarımız gecələr olurdu, onlar bizim qarşımızda daim zəif olurdular. Bütün gecə əməliyyatları bizim xeyrimizə nəticələnib. Təsəvvür edin ki, hətta 2-3 metrlik məsafədən atışmalar olub. Ancaq ermənilər məğlub olub. Mən bunu qəti şişirtmirəm, o hadisələrin canlı şahidləri çoxdur. Bizim mövqelərimizdə döyüşmək üçün çeçenlər də gəlmişdilər. Bəzən onlar azərbaycanlıların döyüşə bilmədiyi barədə replikalar atırdılar. Bu söhbətlərin birində Əbülfət Hüseynov prinsip xatirinə əmr verdi ki, elə bu gün döyüş olmalıdır. Xocavənd-Martuni istiqamətində keçirilən həmin əməliyyatda 7 çeçen, 7 azərbaycanlı döyüşçü iştirak edirdi. Biz ermənilərin uzaqvuran topunu partladıb məhv etdik. Həmçinin 7-8 ermənini öldürdük. Ona qədər çeçenlər iddia edirdilər ki, siz vuruşmağı bacarmırsınız. Ancaq döyüşün səhəri günü kişi kimi etiraf etdilər ki, səhvə yol veriblər. Elə belə də dedilər ki, “siz ən yaxşı döyüşçülər, ən yaxşı kişilərsiniz”. Bu, 1992-ci ilin 9 iyulunda olub.

– İbad Hüseynovun erməni terrorçusu Melkumyanı qətlə yetirdiyi əməliyyatda siz də olmusunuz?

– Bəli o qrupda mən də var idim. Təbii ki, həmin vaxt biz bu barədə tam məlumatlı deyildik. Açığı, Melkumyanın öldürülməsi əməliyyatında bizim elə də böyük iştirakımız olmayıb. Çünki erməni terrorçusunu öldürən İbad olub və qayıdıb mövqelərimizə gəlmişik. Ancaq 3 gün düşmənin içərisində qaldıq, İbad yalnız sonradan bizə deyib ki, ora niyə getmişdik. Xocalı istiqamətində yerləşən Muğanlı kəndində – İbad Hüseynovun doğulduğu kənddir – hansı ki, bir il əvvəl erməni oranı zəbt eləmişdi və xarabazarlığa çevirmişdi, əməliyyat orada keçirildi. Biz cəbhə xəttini keçib hardasa 10 km ermənilərin içərilərinə doğru irəliləmişdik. Orada iki gün gözlədikdən sonra İbad dedi “artıq vaxtdır”. Amma o, tək özü getdi, yəni bizim orda elə bir rolumuz olmayıb. Amma mən bilmirəm İbadın məhz bu döyüşünü xüsusi qabardırlar. Məgər İbad ondan başqa heç bir iş görməyib? Düzdür, Melkimyan bir nömrəli terrorçu idi, İbad tapşırığı uğurla yerinə yetirib. Ancaq onun digər qəhrəmanlıqları da var axı.

– Keçmiş döyüşçü kimi Ramil Səfərovun azad olunmasına münasibətiniz necədir?

– Ramil Səfərov bizim həmvətənimiz və zabitimizdir. Biz fəxr edirik ki, bizim prezident bir azərbaycanlını, ordumuzun zabitini xilas edib. Əslində bu gün ən böyük qəhrəmanlığı ölkə prezidenti edib, zabitimizi xilas edib vətənə gətirib. Bugünkü real qəhrəman Ramili xilas edən adamlardır.

– Erməni terror təşkilatı ASALA Azərbaycanı açıq şəkildə hədələyib. Xüsusi təyinatlıların nümayəndəsi kimi bu hədələr barədə nə deyə bilərsiniz?

– Mənim fikrimcə, düşmənin hədələri boş şeydir. ASALA anlamalıdır ki, onun lideri bizim İbad Hüseynov tərəfindən məhv edilib. Artıq Azərbaycanın xüsusi xidmət orqanları da əvvəlki kimi deyil, xeyli peşəkarları öz ətrafında toplayıb və dövlətimizə qarşı istənilən təhlükəni dəf etməyə qadirdir. Düzdür, dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb. Amma Azərbaycanın da düşmənə cavab vermək imkanı var.

– Keçmiş döyüşçülər torpaqların işğaldan azad olunması ilə bağlı nə təklif edirlər?

– Bu gün Ramil Səfərovun ömürlük həbsdən azad olunması keçmiş döyüşçülərə münasibətdə çox gözəl addımdır. Mən arzu edirəm ki, bu addımların davamı olsun. Qarabağ heç vaxt sülh yolu ilə alınmayacaq. Deməli, nicatımız hərbçilərdədir. Mən yuxarıdakı sözləri İbad Hüseynovla yaxın dost olduğum üçün demirəm. Amma bu gün bütün keçmiş döyüşçülərə yüksək münasibət bəslənməlidir. Bilməliyik ki, Qarabağın geri qaytarılması üçün bizə əsl döyüşçü lazımdır.

– Keçmiş döyüşçülərin orduya qayıtmaqla bağlı Ali Baş Komandana müraciət etməsi gözləniləndirmi?

– Düzdür, bizim orduda xidmət etmək üçün yaşımız keçib. Ancaq torpaqların azadlığı uğrunda döyüşə qatılmağa hər zaman hazırıq. Ən çox ondan narahatıq ki, bizim nəslin yaşı keçər, günün birində torpaqların azadlığı mübarizəsində bizə ehtiyac olmaz. Nə qədər ki, tam qocalmamışıq, bizim döyüş təcrübəmizdən istifadə olunmalıdır. Biz daha çox ondan qorxuruq ki, ömür keçib gedir, bizim vuruşmaq şansımız azalır. Bizim ən böyük arzumuz odur ki, Qarabağ döyüşləri bizim iştirakımızla baş versin. Keçmiş döyüşçülərin təcrübəsini gənc əsgərlər arasında yaymaq lazımdır. Biz hər cür köməyə hazırıq. Mənim 45 yaşım var. Lazım gəlsə, on nəfərə cavab verə bilərəm. Yəni məndə ruh, həvəs var. Əmin olun ki, bu, adi söz deyil. Qarabağ bu gün bizim üçün alınmaz qala deyil. Ermənilər döyüş ruhu olmayan xalqdır. Qarabağdakı ermənilər ordakı terrorçuların girovluğunda olduqlarını çox yaxşı bilirlər. Ermənilərin hansı cəsarət sahibi olduğunu biz döyüşlərdə görmüşük, bu barədə danışılanlar sadəcə bir mifdir. Biz o mifi dağıtmağa hazırıq.

– Bəs, Rusiyanın hərbi bazasının Ermənistanda olması Azərbaycana öz torpaqlarını qaytarmaq yolunda hansı problemləri yarada bilər?

– Biz ortaya iradə qoysaq, torpağımızı azad etmək üçün ayağa qalxsaq, nə erməni, nə rus qarşımızda dayana bilməz. Qarabağda yalnız yerli xalq döyüşə bilər. Biz rusun, ermənini gücünü xeyli şişirtmişik. Sadəcə, o vaxt düşmən bizim daxilimizdəki müəyyən proseslərdən istifadə edib ərazilərimiz qəsb etdi.

– Hərbi hissələrdə olursunuzmu, döyüş təcrübənizi bölüşürsünüzmü? Müdafiə Nazirliyi ilə əməkdaşlığınız varmı?

– Bəli, gedirik. Doğrusu, mən inanmazdım ki, hərbi hissələrimiz bu qədər yüksək səviyyədə təchiz olunub. Hara getmişiksə, yüksək əhval-ruhiyyədə qayıtmışıq. Belə yüksək səviyyədə təchizat olduğu halda vuruşmamaq eyib sayılar. Müdafiə Nazirliyi ilə isə əməkdaşlığımız yoxdur. Sadəcə, biz vətəndaş olaraq hərbi hissələrlə əlaqə saxlayırıq və əsgərlərimizlə görüşlərə gedirik. Ermənilər anlamalıdırlar ki, o torpaqlar onlara qalmayacaq. Bu gün Azərbaycanda hamı döyüşə atılmağa, Qarabağın azadlığı uğrunda canından keçməyə hazırdır. Ermənilərdə isə hədsiz dərəcədə pessimist ovqat var. Onlar anlayırlar ki, bu torpaqlarda müvəqqətidirlər.

09 Sentyabr 2012

musavat