Türkiyədə Azərbaycan Mədəniyyət Günləri başlayıb

Türkiyədə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində ilk olaraq iyunun 18-də Ankarada “CerModern” incəsənət mərkəzində Azərbaycanın rəsm və incəsənət əsərlərinin sərgisinin açılış mərasimi olub. Bu barədə APA Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən məlumat verir. Tədbirdə, Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm Nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev, Türkiyə Respublikası Müdafiə Naziri İsmət Yılmaz, çox sayda millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə və Azərbaycanın çox sayda elm, incəsənət və ictimai xadimləri, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər. Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm Nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev, Türkiyə Respublikası Müdafiə Naziri İsmət Yılmaz və Səfir Faiq Bağırov sərginin açılışının rəmzi olan qırmızı lenti kəsiblər. Ardından açılış nitqini həyata keçirən Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay bir millətin iki dövləti arasında təşkil olunmuş bu kimi tədbirlərin əhəmiyyətindən söz açaraq Azərbaycan mədəniyyətinin əvəzolunmaz dəyərlərindən bəhs edib. Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış üçün kürsüyə dəvət olunub. Nazir öz çıxışında iki ölkə əlaqələrinin çoxşaxəliliyindən bəhs edərək, mədəniyyət sahəsindəki əlaqələrin daha da inkişaf etdiriləcəyini, Azərbaycanda da Türkiyə mədəniyyət günlərinin təşkil olunacağını və bütün bu addımlara güclü dəstək verən hökumətimizin önəmli siyasətinin olduğunu vurğulayıb. Sərgi 24 iyun tarixinədək açıq qalacaq. Sərginin ardından tədbirlərin ikinci hissəsi teatr salonunda konsert və Azərbaycan rəqslərinin nümayişi ilə davam edib. Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev), Dövlət rəqs ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər – vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı Şirzad Fətəliyev, müğənni Azərin və beynəlxalq müsabiqələr laureatı Elvin Qəniyev konsertdə çıxış ediblər. İyunun 19-da Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY-da Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq. Daha sonra tədbirlər İzmir şəhərində dava edəcək.

19 İyun 2012

az.apa.az