ZAHİD ORUC: “GÜNEY AZƏRBAYCAN PROBLEMİNİ İŞIQLANDIRAN BİR BAŞQA “SƏHƏR” KANALI AÇMALIYIQ”

 

Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının növbəti buraxılışı İran-Azərbaycan münasibətlərindəki gərginliyə həsr olunub. “Media forum” saytı xəbər verir ki, proqramın qonağı Milli Məclisin deputatı Zahid Oruc Azərbaycanın Qərblə İran arasındakı mübarizədə neytral qalmaq istədiyini, ancaq Tehranın ölkəyə bu imkanı saxlamadığını bildirib: “Son 6-7 ayda vəziyyət gərginləşib. Ənənəvi siyasətimiz artıq Azərbaycanın əleyhinə işləyir. Bir tərəfdən Qərbin bizə təzyiqləri artıb, digər tərəfdən İran bizim bu siyasətimizə adekvat siyasət sərgiləmir. Əksinə, İranın Azərbaycana qarşı hədələri, fitvaları, təhqirləri artıb.

İranın bu siyasətinə dözüm göstərmək artıq Azərbaycan maraqlarını sarsıtmaq deməkdir. Azərbaycan Qərbin İrana qarşı siyasətinə və planlarına qoşulmalıdır. NATO ilə əlaqələr gücləndirilməlidir. Bu mənada BMT Təhlükəsizlik Şurasının İrana qarşı mümkün qətnaməsi səsverməyə çıxarılarsa, Azərbaycan Qərbin yanında yer almalıdır”.

İran-Azərbaycan münasibətlərində gərginliyin azalmayacağını prqonozlaşdıran deputat bu fonda Qərb və Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsinin zəruri olduğunu vurğulayıb: “İranın Azərbaycana qarşı artan təzyiqlərinin qarşısında Türkiyənin dəstəyinə ehtiyacımız var. Azərbaycan bölgənin açar ölkəsidir və mən inanıram ki, Türkiyə Azərbaycana gərəkli hər cür yardımı verəcək.

Biz özümüz də İranın siyasətinə qarşı adekvat addımlar atmalıyıq. Onların Azərbaycan əleyhinə işləyən “Səhər” kanalı varsa, biz də İranın siyasətini, Güney Azərbaycan problemini işıqlandıran bir başqa “Səhər” kanalı açmalıyıq. Güney amilinə diqqəti artırmalıyıq. Qərb təbliğat məkanında hər il İran əleyhinə külli miqdarda maliyyə xərcləyir. Azərbaycan bu maliyyələşmənin mərkəzlərindən birinə çevrilməlidir. İran əleyhinə bu kanalların işləməsində biz də rol almalıyıq”.

28 May 2012

mediaforum.az