İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsəlman qonşuları ilə (istər dənizdən, istər qurudan sərhədi olan) münasibətləri getdikcə gərginləşir. Amma müsəlman olmayan qonşuları ilə münasibətləri ya sabit xəttə malik olur ya da daha da yaxşılaşır.

İran onu Qərbin təzyiqləri qarşısında qorumağa çalışan, amma bu məqsədlə ölkənin nüvə proqramı ilə bağlı NATO-dakı müttəfiqlərin xoşuna gəlməyən siyasət yürüdən, nüvə mübadiləsi müqaviləsi imzalayan, BMT Təhlükəsizlik Şurasındakı səsvermədə öz müttəfiqlərinin təklif etdiyi layihənin əleyhinə səs verən Türkiyəni yerli-yersiz tənqid, təhqir və hətta təhdid edir. İran Qərbdən gələn sərt təzyiqlərə baxmayaraq, öz ərazisindən İran əleyhinə istifadəyə imkan verməyəcəyini dəfələrlə elan edən Azərbaycana da xoş münasibət göstəmir. Dayanmadan gah Azərbaycanı hansısa ölkənin kəşfiyyatı ilə əlaqədə, gah da öz ərazisində hansısa ölkəyə çox sayıa hərbi aeroport verməkdə günahlandırır. Bu ölkənin Əfqanıstan, İraq və Ərəb dövlətləri ilə münasibətlərinin səviyyəsi və xarakteri də hamıya məlumdur: gərginlik, müharibə, işğal, hədə-qorxu.

 İran rəsmiləri qonşu ölkələri rejim dəyişikliyi ilə qorxutmağa çalışmağa da adət ediblər. Bunu o qədər rahat edirlər və özlərini elə aparırlar ki, sanki İranda çox keçmişdə yox, elə 2009-cu ildəki prezident seçkilərinin, 2012-ci ildəki parlament seçkilərinin necə keçirildiyini, sadəcə siyasətçilərin yox, fərqli düşündüklərinə görə din xadimlərinin hansı təzyiqlərə məruz qaldıqlarını, 1979-cu il inqilabını həyata keçirənlərin özlərinin və yaxınlarının (Xomeyninin övladlarının, Rəfsəncaninin və ailə üvzlərinin) necə təzyiq və təhqirlərə məruz qaldığını insanlar unudublar.

Digər tərəfdən İran Ermenistan və RF ilə daha xoş münasibətlərə malikdir. Çox vaxt xoş bəyanatlar verilir, ciddi addımlar atılır, əməkdaşlıq edilir. Hətta Ermənistan prezidenti Tehrandakı “Novruz Bayramı” tədbirinə dəvət edilir. Hansı ki, nəinki bu bayramın Ermənistan dövlətinə bir dəxli yoxdur, hətta bu ölkədə həyata keçirilən etnik təmizləmə siyasəti sayəsində Ermənistanda ümumiyyətlə bu bayramı qeyd edən insan qalmayıb.

Maraqlıdır ki, İran öz rəsmi sənədlərində dini ən çox ön plana çıxaran ölkələrdən biridir. Özünü dünya müsəlmanlarının hamisi elan edib. Bəs görəsən nəyə görə bu ölkə öz müsəlman qonşuları ilə daha çox problem yaşayır, amma müsəlman olmayanlar ilə yaxşı münasibətlər qurur. Nəyə görə İrandakı rejim müsəlman qanı töküləndə prinsiplərlə yox maraqları ilə çıxış edir və daxili siyasi proseslərə görə öz xalqını da, Suriyadakı, İraqdakı və digər ölkələrdəki sadə əhalini də bombalarla, snayperlərlə öldürməyi normal sayır.

İran-Ermənistan əməkdaşlığı: müsəlman dünyasına xəyanət

İran rəsmiləri və din xadimləri hər addımbaşı idarəetmədə müqəddəs Quranın hökmlərinə söykəndiklərini, Müsəlman qardaşlığını yüksək tutduqlarını iddia edirlər. Onda diqqət yetirmək yerinə düşərdi ki, özünü İslam dünyasının liderlərindən hesab edən, əzilən Müsəlmanların hamisi imici formalaşdırmağa çalışan  İran Qarabağda baş verən qanlı hadisələr zamanı harada idi? Bəs görəsən həmin hadisələri törədən Ermənilərə qarşı münasibəti indi necədir?

 Məntiqlə yaşlı, körpə, qadın demədən minlərlə Azərbaycanlı Müsəlmana qarşı xüsusi vəhşiliklə törədilmiş Xocalı Soyqırımını göz önünə gətirən imanlı ruhanilər Ermənistanla əlaqələrin dərhal kəsilməsi üçün öz hakimiyyət nümayəndələrinə etirazlar bildirməli, təzyiq göstərməli idilər. Necə ki bir sıra İran ayətullahları Fələstin məsələsini siyasi alətə çevirərək onlara aidiyyəti olmayan digər Müsəlman dövlətlərinin daxili işlərinə və xarici siyasətlərinə yersiz müdaxilələr edirlər. O zaman belə çıxır ki, Fələstində şəhid edilən Müsəlmanlarla Azərbaycan Müsəlmanları arasında İran üçün ciddi bir fərq vardır. Belə olmasaydı Ermənistan-İran münasibətlərinin daim yüksələn xətt üzrə inkişafının şahidi olmazdıq.

Yaxın keçmişə nəzər salarkən Ermənistanın hələ 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin işğalı zamanı Müsəlman ölkəsi olan qonşu İranın maddi və mənəvi dəstəyindən kifayət qədər yararlandığını görürük. Tarixin sonrakı mərhələlərində isə İran və Ermənistanın dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin, iqtisadi sahədə reallaşdırılması nəzərdə tutulmuş yeni layihələrin icrasının, Ermənistandakı infrastrukturun dirçəldilməsi məqsədilə İİR tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də qeyri-hökumət təşkilatları səviyyəsində mütəmadi olaraq həm İİR, həm də Ermənistanda müştərək iş birliklərinin həyata keçirilməsinin ildən ilə daha intensiv xarakter alması İranın nəinki əzilən Müsəlmanların hamisi olmadığı, hətta öz maraqları naminə minlərlə Müsəlmanı qurban verməyə hazır olduğu hamı üçün aşkar oldu. Son illərdə İranın Ermənistanla siyasi, hərbi, iqtisadi, enerji, turizm, rabitə, yeraltı sərvətlərin istismarı sahələrində və ticarət dövriyyəsi üzrə əməkdaşlığına dair çoxsaylı faktlar toplanmışdır.

Ermənistan prezidenti Serj Sarkisyanın İrana 2009-cu ildəki səfəri isə iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha üzə çıxardı. Səfər zamanı iki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığa dair İrandan Ermənistana birbaşa dəmir yolu xəttinin çəkilməsi, Araz Su Elektrik Stansiyasının tikintisi üçün kapital qoyuluşu, azad ticarət rejiminin yaradılması, enerji sahəsində əməkdaşlıq, bank fəaliyyətinə nəzarət, neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilişi, sığorta sahəsində əməkdaşlıq və ixracatın genişlənməsi sahələrində 8 sənəd imzalanmışdır. Səfərlə bağlı xüsusi diqqət çəkən məqam Sarkisyanla Əhmədinejadın 1 saatlıq qapalı görüşü və görüşdən sonra verilən açıqlamalardakı bəzi nüanslar olmuşdur. Belə ki, Sarkisyan açıqlamasında İran hakimiyyətinə təşəkkür edərək “İranın həmişə Ermənistana “dar günlərdə” kömək etdiyini, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı və 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələr zamanı Ermənistandan dəstəyini əsirgəmədiyini” xüsusi vurğulamış və “Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağını” bəyan etmişdir. Əldə edilmiş razılıqlar arasında İİR-in Araz çayı üzərində birgə tikiləcək Su Elektrik Stansiyasının, eləcə də ER-dəki Metsamor AES-in imkanları ilə ölkənin şimal əyalətlərinin enerji təminatında yaranmış problemi həll etməyə çalışması da diqqəti cəlb etmişdir.

Hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu ölkələr arasında 15-dən çox qarşılıqlı səfərlər olmuşdur. Həmin səfərlər çərçivəsində döyüş silahı və hərbi sursatların istehsalı üçün birgə müəssisələrin yaradılması, Ermənistandan İrana pərdələnmiş şəkildə hərbi xarakterli yüklərin daşınması üzrə 20-dən çox gizli əməkdaşlıq sazişləri imzalanmışdır. Bu sazişlərin əsas məqsədlərindən biri də İİR-in beynəlxalq sanksiyaların təsirindən maksimum yayınmasına köməklik göstərmək olmuşdur. Belə ki, Ermənistan tərəfi İİR-in hərbi sənaye kompleksinin inkişafı üçün tələb olunan bəzi materialları müxtəlif ad altında (kitab, müxtəlif mədəniyyət nümunələri və s.) İİR-in Tehran şəhərindəki Ermənilərə məxsus və qapalı fəaliyyət göstərən “Ararat” idman cəmiyyətinə gətirir, İranın müvafiq orqanları isə sonradan həmin avadanlıqları lazımı ünvanlara çatdırırlar. Qeyd etmək lazımdır ki, Tehran şəhəri, Məntəqə 3, Vənək meydanında yerləşən həmin cəmiyyətə yalnız milliyətcə erməni olan şəxslərin və ER vətəndaşlarının girişi mümkündür. İİR-in Təbriz, Şiraz və İsfahan şəhərlərində də ermənilərin buna bənzər qapalı cəmiyyətləri vardır ki, İİR tərəfinin eyni məqsədlə sözügedən klubların da imkanlarından istifadə etməsi barədə bilgilər daxil olmaqdadır. Belə olmasaydı ER-dən gələn yük maşınları Təbriz şəhərinin Baş Gömrük İdarəsinin yeraltı anbarlarında gizli şəkildə boşaldılmaz (hətta yüklərin avtomaşınlardan sürücülərin iştirakı olmadan boşaldıldığı və yüklənildiyi bildirilir), “Nurduz-Mehri” körpüsündən keçərkən xüsusi yoxlamaya məruz qalmadan və İİR ərazisində heç bir maneəyə tuş gəlmədən “təyinat nöqtəsinə” rahatlıqla çatmazdı.

Ermənistan İran münasibətlərində enerji istiqaməti daha sürətlə inkişaf etmişdir. Bu istiqamət üzrə münasibətlərdə diqqəti çəkən məqamlardan biri rəsmi Tehranı beynəlxalq aləmdən təcrid olunmaqdan qorumağa çalışması ilə əlaqədar İranın Ermənistanla planlaşdırılmış əksər layihələrin xərclərini öz üzərinə götürməsidir. Belə ki, İran tərəfi təkcə enerji sahəsində imzalanan müqavilələrdən olan və 20 il ərzində Ermənistana 36 milyard kub metrə qədər qaz ixracını nəzərdə tutan layihənin reallaşması üçün tələb olunan 250 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitini ödəməyi öz üzərinə götürmüşdür. Bundan əlavə, Ermənistandakı 9200 kilometrlik qaz kəməri xəttinin 60%-nin yararsız olması səbəbindən İran tərəfi bu şəbəkəni bərpa  etməyi öhdəsinə götürmüşdür. İİR Araz çayı üzərində tikilməsi planlaşdırılan elektrik stansiyasının maliyyələşdirilməsinin də böyük bir hissəsini özünün həyata keçirəcəyini bəyan etmişdir. Bundan əlavə, Ermənistanın Mehri rayonunda tikilməsi nəzərdə tutulmuş və dəyəri 2 milyard ABŞ dolları olan “Nairiti” neft emalı zavodunun tikintisi İran tərəfindən maliyyələşdiriləcəkdir. İl ərzində 7.5 milyon ton neft emal edəcək sözügedən zavod üçün xammal İİR-dən gətiriləcəkdir. Bir sıra müsəlman ölkələrində ciddi iqtisadi problemlərin yaşanması fonunda İranın işğalçı Ermənistana həyatı əhəmiyyətli köməklikləri özünün yaymağa çalışdığı islam ölkələrinin hamisi missiyası ilə dərin bir ziddiyyət təşkil etməkdədir.

Göstərilənlərdən əlavə, Azərbaycanın Ermənistan işğalı altındakı Kəlbəcər rayonundakı Zod qızıl yataqlarından işlənilməsi üçün filizin, habelə respublikamızın işğal olunmuş digər ərazilərindən tikinti materiallarının “Nurduz-Mehri” körpüsü və nəzarətsiz ərazilər vasitəsi ilə ötürülməsi kanalından yararlanmaqla Ermənistandan İİR-ə ikili təyinatlı materiallar göndərilməsi praktikası indiyədək davam etməkdədir. Qeyd etmək lazımdır ki, bu zəmində fəaliyyət göstərən “Şəhid Dəstiğeyb” şirkəti əsasən Ermənistana ərzaq məhsullarının ixracı ilə məşğuldur. Əvəzində isə Ermənistandan bu şirkət vasitəsi ilə Kəlbəcərin qızıl yataqlarından İİR-ə xammal, eyni zamanda ikili təyinatlı materiallar gətirilir və Kerman şəhərinə aparılaraq orada emal olunur. Ermənistana neft məhsullarının ixracı ilə məşğul olan “Susəngerd” adlı şirkət isə Ermənistandan bəzi neft avadanlıqları adı altında təyinatı bəlli olmayan materialları İİR-ə idxal etməklə məşğul olur. Bu kontekstdə Culfa Azad Ticarət Zonası və Culfa bazarının rolunu xüsusilə qeyd etmək lazımdır. Belə ki, son zamanlar həmin bölgəyə xeyli sayda erməni şirkətləri gəlir ki, İran hökuməti də sanksiyalardan yayınaraq istədiyi malı bu bazar vasitəsilə əldə edə bilir. Yəni bu kanalla Ermənistandan müxtəlif adlar altında İİR-ə ikili təyinatlı məhsullar gətirilir. Qeyd olunan bazar İİR-in beynəlxalq aləmdən təcrid olunmamasının qarşısının alınması baxımından da sözügedən ölkə üçün mühüm əhəmiyyət kəsb edir. İİR-lə Ermənistan dəmiryol xətlərini birləşdirəcək Mərənd-Culfa-Mehri layihəsi də İran üçün bu baxımından həyati əhəmiyyət daşıyır. Texniki göstəricilərinə bir o qədər də əhəmiyyət verilməyən sözügedən nəqliyyat kanalının qısa bir zaman kəsiyində işə salınmasına cəhd göstərilməsi əslində İİR-in beynəlxalq aləmdən təcrid olunmasının qarşısını almağa yönəlmiş istəkdən başqa bir şey deyildir. Beynəlxalq sanksiyalardan yayınmaqla nüvə proqramının inkişafı ilə bağlı öz fəaliyyətini davam etdirmək istiqamətində də İran tərəfi ermənilərin yardımından faydalanmaqdadır. Belə ki, Ermənistanın nüvə alimləri  iranlı həmkarlarına yaxından kömək göstərirlər. Son məlumatlara görə, “Metsamor” AES-dən işdən çıxmış erməni nüvə alimləri yenidən İrana üz tutmuşlar. İran Ermənistan istehsalı olan yarımkeçiriciləri idxal etməklə təkrar emal sayəsində onlardan nüvə proqramının inkişafında geniş istifadə edir.

Ticarət və turizm sahəsi üzrə isə fəaliyyəti əsasən “İran-Ermənistan Dostluq Cəmiyyəti” həyata keçirir. Sözügedən cəmiyyət tərəfindən mütəmadi olaraq iranlı iş adamlarının Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər ərazilərinə sərmayə qoymaq üçün (inşaat, heyvandarlıq və s. bu kimi sahələrə) cəlbedici təkliflər irəli sürülür və nəticədə müxtəlif İran şirkətlərinin sözügedən ərazilərdə yaşayış məntəqələrinin infrastrukturunun bərpa edilməsində, xüsusən də yol çəkilişlərində yaxından iştiraklarına nail olurlar. Bununla yanaşı, İranda fəaliyyət göstərən “Təktaz”, “Didare Seyre Giti”, “Vahid Air Company”,  “Mottahed ol Seyr Co.” və  “Azparez” şirkətləri Dağlıq Qarabağ ərazisinə turist səyahətləri təşkil etməklə Qarabağı Ermənistan ərazisi kimi tanıtmağa çalışırlar.

Ermənistanla ticarət sahəsində görülən işlərdə Yerevan şəhərində fəaliyyət göstərən İran Ticarət Palatasının (İTP) xüsusi rolu vardır. Sözügedən qurum İTP-yə üzv olan və Ermənistanla ticarət əlaqəsi saxlayan İİR vətəndaşlarının qeyd olunan sahədə yaranan problemlərinin həllində yaxından iştirak edir (Ermənistandakı ticarət fəaliyyətlərinin səviyyəsindən asılı olaraq iranlı iş adamları tərəfindən İTP-yə 50-200 ABŞ dolları arasında aylıq üzvlük haqqı ödənilir). Bəzi məlumatlara görə, hazırda Ermənistanda ticarət sahəsində fəaliyyət göstərən 600-dən çox rəsmi qeydiyyatdan keçmiş İran şirkəti vardır. Ermənistanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən İİR vətəndaşlarına əlverişli şərait yaradılır, hətta iranlıların Ermənistan ərazisində törətdiyi xırda qanun pozuntularına aidiyyəti orqanlar tərəfindən göz yumulur.

Görəsən İran hökuməti digər müsəlman dövlətləri ilə də bu qədər mehribandırlarmı? Xeyr. İran hakimiyyəti xarici siyasətinə tezliklə zəruri düzəlişlər etməsə, çətin günlərinin birində ətrafında ona kömək edə biləcək bir müsəlman dövləti tapmayacaq. Erməniyə ümid olmağı isə Allah heç kimə nəsib etməsin!

 

14-17 May 2012

araztm.az