İran neçə hissəyə bölünəcək?

Yaxın bir il ərzində İranda rejimin ya beynəlxalq müdaxilə, ya inqilab yolu ilə dəyişəcəyi yəqindir. Bu mülahizəni ABŞ-da yaşayan Güney Azərbaycan dissidenti Mahmudəli Çöhrəqanlı iki gün əvvəl mətbuat konfransında İrandakı vəziyyətlə bağlı mövqeyini bildirərkən səsləndirdi. DAK XII qurultayının nəticələrinə dair Beynəlxalq Mətbuat Mərkəzindəki (BMM) mətbuat konfransına internet vasitəsilə qatılan DAK Məşvərət Məclisinin sədri Çöhrəqanlı İrandakı durumu kritik adlandırır və deyir ki, İran üç bölgəyə ayrılacaq. Yəni Pakistanın Belucistan əyaləti ilə İranın Belucistan əyaləti vahid bir dövlət halında birləşdiriləcək. İraqətrafı İran ərazilərinin kürd dövləti ərazisi olması nəzərdə tutulur. İran neftinin 75%-nin cəmləşdiyi ərəblər yaşayan ərazilərə muxtariyyət hüququ verilməsi nəzərdə tutulur. Çöhrəqanlı deyir:
“İrana beynəlxalq baxış budur, buna görə Azərbaycan nə qədər gec deyil, Güney Azərbaycan türklərinə sahib çıxmalıdır”.
Onun fikrincə, rəsmi Bakı Güney Azərbaycan türklərinə ya qardaş kimi, ya qonşu kimi, bunları bacarmırsa, haqları tapdanan insanlar kimi sahib çıxmalıdır. Çöhrəqanlı məsələni belə qoyur: İranda proseslər başladıqda Güney Azərbaycan türkləri haqlarını almalıdır. Yol vermək olmaz ki, Güney Azərbaycan türkləri İraq türkmənləri kimi kürd yaraqlıları qarşısında əliyalın qalsın…
Çöhrəqanlı artıq Güney Azərbaycanın Urmiya vilayəti torpaqlarına kürdlərin iddialarının başladığını diqqət mərkəzinə gətirir. Türkiyə parlamentində kürd əsilli deputatın “biz kürd dövlətini quracağıq, paytaxtımız da Urmidir” bəyanatını xatırladır…
Bunlar əsilsiz mülahizələr deyil. Güney Azərbaycan türklərinin əsas milli mübarizə mərkəzi hesab olunan Urmu vilayəti hazırda Türk Dünyasının döyüş meydanına çevrilmişdir. Belə ki, bu vilayətdə yaşayan üç milyonluq türk əhalisi bir tərəfdən ağır sosial-iqtisadi və məşəqqətli həyata tərzinə qarşı üsyan edir, digər yandan paniranizm və panfarsizm cildinə girmiş mollakratiya zülmünə və istibdadına, başqa bir yandan isə bölgə ilə bağlı süni şəkildə inkişaf etdirilən “kürd sorununa” qarşı dirəniş göstərir.
Urmu gölünün ekoloji faciəsinin ardında duran əsas strateji hədəf bölgədən türk əhalisinin İranın başqa vilayətlərinə miqrasiyaya məcbur qalmasıdır. Bunu da diqqətə aldıqda burada milli mübarizənin ağırlığı təsəvvürə gəlir.
Biz bir daha “kürd sorunu” məsələsinin üzərində dayanmağı vacib hesab edirik. Çünki Urmu vilayətində əsas oyun bu süni problem üzərində qurulub.
Urmuda kürd təsisatları və onun arxa baxcası
Almaniya, ABŞ, Kanada, Fransa, Danimarka, İngiltərə, Hollandiya, Belçika, İsveç, Avstriya və digər dövlətlərdə “İranda kürd masası” kompleks projelərin qovluqlarında “Türkiyə-Güney Azərbaycan-Quzey Azərbaycan-Türküstan” strategiyasında türk milli coğrafi bütünlüyünün qarşısının alınması üçün “1918-ci il doktrinası” yenidən əsas götürülür. 19-cu yüzilin ortalarından sonlarına və 20-ci yüzilin 1-ci qərinəsində Rusiya, Fransa və İngiltərə Urmu vilayətində kürd, erməni və aysor toplumlarından ibarət xeyli sayda ictimai və humanitar təşkilatlar yaratmışdı. Əslində bu qurumlar dolayı yolla yarımhərbi strukturlar idi və 1918-ci ildə həmin şəbəkə hərəkətə gətirildi, burada 200 minə yaxın türk insanı soyqırıma məruz qoyuldu, yüzlərlə kənd, eləcə də Urmu, Salmas, Xoy, Mərənd, Sulduz, Qoşaçay, Tikantəpə və s yandırıldı.
Aradan 94 il ötməsinə baxmayaraq, yenə də həmin antitürk şəbəkə hərəkətə keçib. Quzey İraqın “Kürd Milli Muxtariyyəti” üzərindən indi sərbəst şəkildə Türkiyə, Suriya və Güney Azərbaycanın Urmu vilayətində “kürd sorunu” adına bir sıra ssenarilərin tətbiqinə başlayıblar. Bu sırada İsrail, İngiltərə, Fransa və ABŞ daha fəaldır. “Kürd Muxtariyyəti”nin lideri Məsud Bərzaninin nəzarətində olmaqla Urmu vilayətində kiçik mobil qruplar şəklində çoxsaylı kürd təşkilatlarının qurulması və onların vahid mərkəzdən idarə edilməsi bu strategiyanın əsas hədəflərindən birinə çevrilmişdir.
On il öncə Tehranın icazəsi ilə yaradılmış “Moəsseseye Əndişeye Səbze Ehsan” (“Ehsan Yaşıl Düşüncə İnstitutu”) indi adını dəyişdirərək “Əhməd Xani İnstitutu” adlandırılıb. Urmu şəhərində bu mərkəzin çevrəsində bütün vilayət kürdlərini uzlaşdıran xüsusi strukturlar qurulub. Vilayətdəki üç milyonluq əhalinin 90 faizini türklər təşkil etsələr də, onların milli mərkəzləri adına bir dənə belə müvafiq strukturun yaradılmasına Tehran rejimi imkan vermədiyi halda, vilayət boyunca kürdlərə məxsus 60 təşkilat fəaliyyət göstərir…
Kürdlərə məxsus infrastrukturlar barəsində XIX-XX yüzillərdə olduğu kimi, vilayətdə heç kimin müvafiq bilgisi yoxdur. Bu strukturların yaradılmasında əsas məqsəd “İran Kürdüstanı” və Urmu vilayətini birləşdirmək, bununla da bölgədə “Böyük Kürdüstan” ssenarisinin coğrafi hüdudlarını genişləndirməkdir. Bu yöndə İraqda, eləcə də İsrail, ABŞ, Avropa dövlətlərində kürd revanşizminin qol-qanad açması üçün müvafiq təbliğat-təşviqat vasitələri də nəşr edilərək Urmu vilayətində kürdlər arasında pulsuz olaraq dağıdılır.
Bu fəaliyyətlərdə iki yönə özəl diqqət yetirilir. Təhsilli kürdlər bölgənin idarəetmə strukturlarına yeridilir, savadsız kürdlər isə silahlandırılır.
“Əhməd Xani İnstitutu”nun gizlinləri
Urmu vilayətində türklərlə iç-içə yaşayan kürd azlığı əsasən kürd dilinin “sorani” dialektində danışırlar. Urmu şəhərindəki “Əhməd Xani İnstitutu”nun vəzifəsi bunlardır: “kürd dilinin dialekt və ləhcələrinin inteqrasiyası” və bununla Urmu vilayətinin güney və quzey bölgələrində icmalar şəklində yaşayan, bir-birini çox çətinliklə anlayan kürdlər arasında uzlaşmanı təmin etmək, vilayətin kürdlər yaşayan kəndlərində yoxsul ailələrə pulsuz kürdcə təbliğat yönlü ədəbiyyat paylanışını təmin etmək, gəncləri bu işlərdə fəal olmağa sövq etmək, savadsız gəncləri silahlı partizan qüvvəsi qismində yetişdirmək və bütün kürd əhalisinə Urmu vilayətinin ən qədim zamanlardan kürdlərin tarixi vətəni olmasına inandırmaq və savadlı kürdləri bu prosesə cəlb etmək…
“Əhməd Xani İnstitutu”nun fəaliyyətinə bunlar da daxildir: kürd dilində təhsil şəbəkəsini genişləndirməklə buranın akademik beyin və düşüncə mərkəzi olaraq gücləndirilməsinə nail olmaq, teatr mərkəzi yaratmaqla kürdlərin mədəni-kütləvi tədbirlərinin sayını artırmaq, xarici dil kursları təşkil etməklə beynəlxalq aləmlə təmaslarda gözlənilən problemlərin vaxtında həllinə nail olmaq, mədəni təsisatların arxasında duran siyasi hədəfləri incə şəkildə beyinlərdə inkişaf etdirmək….
Gündəlik fəaliyyətə daxil olan planlar isə belədir: kürd dilini öyrədən kitabçaları əhali arasında pulsuz paylamaq, qadınlardan ibarət komitələr yaratmaq, kürd məktəblərini yaşatmaq üçün xeyriyyə konfransları təşkil etmək, İraq, Suriya, Türkiyə və Qafqazda kürdlərə məxsus tarixi-coğrafi məkan qismində “Böyük Kürdüstan” anlamının qavranılmasına nail olmaq, kürdlərə məxsus tarixdə baş vermiş üsyanların Osmanlı, Səfəvi, Əfşar və Qacar dövlətləri zamanı yatızdırılmasını milli faciə qismində anım günlərini qeyd etmək, Urmu Universitetində kürd tələbələrin “Səlahəddin Əyyubi” təşkilatının maliyyələşdirilməsini təmin etmək…
Əslində Urmu vilayətindəki bütün kürd təsisatlarının qurucusu və himayədarı İran prezidenti Mahmud Əhmədinejadın 1-ci müavini Rəhim Məşaidir. Bu şəxs İranın daxilində və çevrəsindəki türk xalqlarının geneoloji aspektdən sosial və siyasi, coğrafi və kulturoloji dəyərlərinin aşılanması, fars şovinizminin üstün səviyyəyə qaldırılması, böyük bir şəbəkəyə çevrilməsi strategiyasının tətbiqinə birbaşa rəhbərlik edir.
Urmu şəhərinin “Apadana” caddəsində yerləşən “Əhməd Xani İnstitutu” ikimərtəbəli binadır. Burada kürd dilində kitabxana, musiqi, ana dili, tarix, ədəbiyyat, coğrafiya dərsləri keçirilir. Bu mərkəzin təsisçisi Mühəndis Hatəmi adı ilə tanınan birisidir. O, Quzey İraqın Ərbil və Süleymaniyyə şəhərlərində çox iri mülkiyyət sahibi olmaqla yanaşı, həm də iri biznes əlaqələrinə malikdir. Qondarma “İraq Kürdüstan Muxtariyyəti”ndə ən böyük tikinti sifarişlərinin əsas icraçısıdır. Onun gəlirlərinin əsas hissəsi Urmu vilayətində kürd təsisatlarının saxlanılmasına, onların təşkilatlanmasına yönləndilir.
Mühəndis Hatəmi çox nadir hallarda olsa da, İrana gəldiyi zaman Urmu vilayətində bütün kürdlər onun qarşısında müntəzir dayanır, xüsusi ziyafətlər təşkil edirlər.
Türklər zindana, kürdlər irəli
Urmu vilayətində Azərbaycan türklərinin heç bir mədəni təsisatı yoxdur. Belə bir təşəbbüs göstərənlər dərhal “dövlət çevrilişi”ndə suçlu bilinərək həbsə atılırlar. Ana dilində qəzet və dərgi açmaq, kitab nəşr etmək, ədəbi və mədəni cəmiyyətlər yaratmaq, təhsil almaq tələbləri isə Tehran rejimi tərəfindən qəddarcasına boğulur. Bölgədə bütün bunlar azmış kimi, türklərə məxsus bütün sahələrdə süni şəkildə işsizlik, iri ekoloji problemlər yaradılır.
Kürd təsisatlarına isə hər şərait yaradılır. “Əhməd Xani İnstitutu”nun aparıcı şəxslərindən olan türk düşməni Nüsrət Kak, Rəsul Banegin, Əli Banegin, Kamran Hərki, Hamed Esmailvənd, Qader Rəşidi , Pedram Rəhmani kimi kürd mütəxəssislər vilayətdə kürdlərin türklərə qarşı təşkilatlanma və silahlanma hazırlığına rəhbərlik edirlər.
Vilayətdə KADEP, PJAK, PKK tipli digər kürd terrorçu təşkilatlar üçün kadrlar hazırlanır. Hətta bu yöndə xani-institute.com internet mərkəzi, təbliğat şəbəkəsi qurulub. Son vaxtlar Londondan kürdlərin “Urmu TV” kanalı yayıma başlayıb.
Tehran rejimi bütün bunları diqqətlə seyr etməklə yanaşı, prosesləri nəzarətdə saxlamağa çalışır. Elə xəyal edir ki, türklər İran üçün kürdlərdən daha qorxuludur. Boğazına kəndir salınan Səddam Hüseyn də bir zaman belə düşünürdü. Tehran başbilənləri azından Güney Azərbaycanın bir dövlət halına gəlməsinin qarşısını almaq, onun xarici aləmlə əlaqəsini daraltmaq yönündə Urmu vilayətinin “kürdləşməsi”, türkmənlərə məxsus Xorasan vilayətinin “farslaşdırılması” strategiyasından yapışıb.
Bölgədə strateji maraqları olan İsrail, İngiltərə, ABŞ, Fransa, Almaniya, Çin, Rusiya və digər böyük güclər İran üzərində oyunun tərəfləridir. Azərbaycan dövlətinə qarşı “Dağlıq Qarabağ”, “Qızıl Kürdüstan”, “Ləzgistan”, “Avarıstan”, “Talışstan”, böyük bir türk əhali potensialına malik Güney Azərbaycana qarşı “Urmu vilayəti”, Xorasan Türkmən vilayəti üçün “Farsistan” ssenariləri bu dövlətlərin strateji mərkəzlərinin mətbəxində hazırlanıb dövriyyəyə buraxılır.
Bir şey unudulur ki, farslar, ermənilər və kürdlər dünya çapında super etnoslar olaraq qəbul edilmirlər. Bu balaca toplumların iddiasını özündən daha böyük hədəflərə yönəltməklə, onlar əslində böyük güclərin əl kuklası rolunu oynamağa məcburdurlar.
Türklərin super etnos olması, 350 milyonluq bir milli varlığa çevrilməsi, eləcə də türklərin kulturoloji dəyərləri ilə tarixin dərinliklərindən iç-içə olan digər toplumların bizlərə qarşı yönləndirilməsi tipli siyasi oyunlar böyük güclərin daha iri maliyyə mənbələrinə malik olmaq hədəflərinə hesablanmışdır. Belə olmasaydı “Orta Doğu Projesi” adı altında üçüncü dünya savaşı da bu günün acı həqiqətinə çevrilməzdi.
Minillər boyu iç-içə yaşayan toplumları bir-birinə düşmən etmək, onların arasında etnik münaqişələr salmaq bu projenin ana xəttidir. Xüsusilə türklərə qarşı aparılan bu mənhus strateji hədəflərin qarşısını biz Azərbaycan Türkləri zamanında incələməklə, öz milli iradəmizi ortaya qoymaqla istənilən zaman ala bilərik və alacağıq.

Ənvər Börüsoy

kafkassam-merkez.com