Ankarada “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanis Ayrım” kitabının təqdimatı olub

Türkiyənin Ankara şəhərində Türk Strateji Araşdırmalar Mərkəzində (TÜRKSAM) Milli Məclisin deputatı Qənirə Paşayeva və Akif Aşırlının müəllifi olduqları və Türkiyə türkcəsində nəşr edilmiş “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanis Ayrım” kitabının təqdimatı olub. Türkiyə parlamentinin deputatı, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan bildirib ki, bu il qardaş ölkədə Xocalı soyqırımının XX ildönümü ilə bağlı geniş tədbirlərin davamı olaraq bu qiymətli kitab türk oxucularına təqdim edilir: “Azərbaycan Prezidenti İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” kəlamını rəhbər tutan diaspor təşkilatları ermənilərin törətdikləri qətliamların bütün dünyada yayılması üçün fəaliyyətlərini gücləndirmişlər”. Milli Məclisin üzvü Qənirə Paşayeva “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabının Azərbaycan həqiqətlərinin, tarix boyu ermənilərin Azərbaycan türklərinə qarşı apardığı soyqırım siyasətinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində də (Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırım siyasəti barədə daha geniş bilgi təqdim etmək məqsədi ilə yazıldığını qeyd edib. Millət vəkili bildirib ki, bu kitabda 1990-cı il martın 23-dən 24-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunda yerləşən Bağanis Ayrım yaşayış məntəqəsində törətdikləri qətliamdan bəhs edilir, belə ki, erməni silahlıları Bağanıs Ayrım kəndinə hücum edərək, mülki əhalini insanlığa sığmayan işgəncələrlə qətlə yetirmiş, diri-diri yandırmış, soyqırım törətmişdir. Millət vəkili Türkiyə türkcəsində nəşr olunan bu kitabın təbliğat vasitəsi deyil, real faktlar, sənədlər və canlı şahidlərin söylədiklərinə əsaslanan qiymətli bir mənbə olduğunu deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağdan uzaqda yerləşən Bağanis Ayrımda soyqırımı törədən ermənilər əsl məqsədlərini – Azərbaycan torpaqlarını işğal etmək kimi çirkin niyyətlərini bir daha nümayiş etdirmişlər: “Erməni lobbisi bu il də aprelin 24-ü ərəfəsində böhtan kampaniyasını gücləndirirlər. Azərbaycan və Türkiyə diasporları erməni yalanlarını ifşa etmək üçün təkzibolunmaz faktları bütün dünyada yaymalı, XX əsrin əvvəlində və sonunda Azərbaycanda törədilmiş qətliamları gündəmə gətirməlidirlər. Gənc nəslin bu qətliamlardan daha yaxşı xəbərdar olması üçün bu kitab və digər mənbələr Türkiyədəki universitetlərdə yayılmalıdır”. “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabının Azərbaycan, türk və ingilis dillərində çap olunduğunu diqqətə çatdıran millət vəkili bu kitab əsasında hazırlanan və üç dildə eyniadlı saytın fəaliyyət göstərdiyini də bildirib. Mərasimdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı Ruhsar Dəmirəl, professor Ümit Özdağ və digər natiqlər qondarma “erməni soyqırımı” iddiaları ilə mübarizə üçün bu cür nəşrlərin əhəmiyyətindən bəhs edib, kitabla bağlı rəy və mülahizələrini paylaşıblar. Mərasimdə qeyd olunub ki, Ankara Bələdiyyəsinin qərarı ilə Mamak rayonundakı iki kilometr uzunluğu olan prospekt “Xocalı prospekti” adlandırılıb. Sonda hər bir tədbir iştirakçısına “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabları təqdim edilib.

 KAMİL

20 Aprel 2012

525.az