BZEJİNSKİ İRAN AZƏRBAYCANLILARI FAKTORUNU LAZIMINCA QIYMƏTLƏNDIRMƏYƏ ÇAĞIRIB

Zbiqnev Bzejinski

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi illik Qlobal Təhlükəsizlik Forumu keçirib. AzərTAc xəbər verir ki, forumda ABŞ-ın aparıcı müdafiə və təhlükəsizlik üzrə mütəxəssisləri Əfqanıstan, Pakistan və Yaxın Şərqdə Birləşmiş Ştatların rolu, neft və qaz bazarları, Avropanın iqtisadi təhlükəsizliyi, kiber təhdidlər və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Müzakirə panellərindən biri Türkiyə-İran-Rusiya münasibətlərinin dinamikasına həsr edilib. Bu mövzuda müzakirə aparan Ağ evin sabiq milli təhlükəsizlik müşavirləri Zbiqnev Bzejinski və general Brent Skoukroft hər üç ölkənin Qafqazda və Mərkəzi Asiyada siyasətindən danışıblar. Qafqazda cərəyan edən hadisələrin həssaslığını qeyd edən Bzejinski ABŞ hökumətini bu regionda daha ehtiyatlı və müttəfiqlərin təhlükəsizlik maraqlarını nəzərə alan siyasət yürütməyə çağırıb. O bildirib ki, bölgədə artan hər hansı gərginlik Rusiyanın burada daha geniş müdaxiləsinə imkan yarada və hətta Rusiya-Gürcüstan arasında növbəti silahlı qarşıdurmaya təkan verə bilər.

Azərbaycanı Avropadakı müttəfiqlər üçün vacib enerji mənbəyi adlandıran professor Xəzər hövzəsində münaqişələrin şiddətlənəcəyi təqdirdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də təhlükə altında olduğunu düşünür. Sabiq müşavir İranda yaşayan çoxsaylı Azərbaycan mənşəli əhalinin mövcudluğunu diqqətə çatdıraraq bu faktoru lazımınca qiymətləndirməyə çağırıb.

General Skoukroft isə Türkiyənin qlobal məsələlərin həllində artan rolundan danışıb, Suriya və Yaxın Şərqdə baş verənlərlə bağlı qərarlar qəbul edilərkən Türkiyənin rəyinə etibar etməyə çağırıb. Skoukroft qeyd edib ki, son vaxtlar Türkiyə əvvəlki kimi tam olaraq Qərbə istiqamətlənməyərək bütün istiqamətlərə fikir verməyə çalışır: “Bu, rəsmi Ankaranı ABŞ üçün “rahat” tərəfdaş simasından çıxarsa da, Türkiyənin əhəmiyyətini və bölgədəki həlledici rolunu heç də azaltmır”.

Hər iki sabiq müşavir Avropa İttifaqının bəzi üzvlərinin Türkiyəni bu təşkilatda üzvlük məsələsi ilə bağlı məyusluğa uğratdıqlarına görə tənqid ediblər. Onlar bildiriblər ki, istər Avropa, istərsə də Yaxın Şərq təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu əvəzsizdir.

12 Nisan 2012

mediaforum.az